DÜNYA
Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb
Bakı, 11 may, AZƏRTAC
Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi layihəsini razılaşdırıb. Hazırda Brüssel və Kiyev layihəni müzakirə edir.
AZƏRTAC xəbər verir ki, “Welt am Sonntag” qəzeti bu barədə sərəncamında olan sənədə əsasən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının 27 ölkəsinin səfirləri 11 səhifəlik “məxfi” sənədin mətni ilə bağlı razılığa gəliblər. Brüsselin Kiyevə iyuldan gec olmayaraq verməyə hazırlaşdığı zəmanətin müddəti Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyünədək davam edəcək.
Sənədə əsasən, təcavüz baş verəcəyi təqdirdə, Avropa İttifaqı və Ukrayna 24 saat ərzində Kiyevin ehtiyacları ilə bağlı məsləhətləşmələr aparmalıdır. Brüssel Ukraynadakı müharibəyə müdaxilə istisna olmaqla, təhlükəsizlik sektorunda islahatların aparılmasına və ölkənin minalardan təmizlənməsinə köməklik göstərilməsini, silah tədarükünün və hərbi kadrların hazırlanması ilə bağlı işlərin davam etdirilməsini, həmçinin hibrid hücumlara qarşı mübarizədə əməkdaşlıq vəd edib.